CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri gün ərzində Cocuq Mərcanlı kəndində 16.800 kvadratmetr ərazini yoxlayıb VİDEO
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 4 evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 16.800 kvadratmetr ərazi (3.900 kvadratmetr ərazi əl ilə, 12.900 kvadratmetr ərazi mexaniki üsulla) yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 14 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 102.266 kvadratmetr ərazi (39.766 kvadratmetr ərazi əl ilə, 62.500 kvadratmetr ərazi mexaniki üsulla) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən fevralın 16-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 26 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 131.260 kvadratmetr ərazi (68.760 kvadratmetr ərazi əl ilə, 62.500 kvadratmetr ərazi mexaniki üsulla) yoxlanılıb.