CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri tərəfindən Tovuz rayonunda piyada əleyhinə mina aşkarlanıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Tovuz rayonunun Alakol kəndində 1 əkin sahəsinə baxış keçirilib, piyada əleyhinə mina (PMN-2) aşkar edilib. Həmin sursat partlayış yolu ilə zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən martın 16-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 1991 partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 milyon 209 min 812 kvadratmetr ərazi (463 984 kvadratmetr əl ilə, 321,6 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 311 min 228 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.