CƏMİYYƏT


ANAMA-nın yaradılmasının 18-ci ildönümü geniş qeyd olunub

A+ A

Horadiz, 18 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasından 18 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Agentliyin Horadiz Regional Bazasında keçirilən mərasimdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, səfirliklərin nümayəndələri, yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qurumu tərəfindən istifadə olunan avadanlıqdan və mina təhlükəsinə dair maarifləndirmə materiallarından ibarət sərgi və guşə ilə tanış olublar. İştirakçılar, həmçinin əl ilə minatəmizləmə, minaaxtaran itlər vasitəsilə və mexaniki minatəmizləmə maşınlarının fəaliyyətini izləyiblər.

Tədbirdə çıxış edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov qurumun yaranması və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1998-ci il iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaradılması ölkəmizdə mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün agentlik ötən illərdə beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Hazırda ANAMA humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə-minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir.

ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə (MTM) və minadan zərərçəkənlərə yardım (MZY) sahələrində də kifayət qədər təcrübəsi vardır. Hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

Diqqətə çatdırılıb ki, agentlik MTM ilə bağlı fəaliyyətini əsasən 3 istiqamət – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri üzrə aparır. MTM üzrə dərslər 26 rayonda 3635 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 55 min şagirdi əhatə edir və növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan Hökumətinin tapşırığına əsasən, Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq, MTM üzrə şagirdlər və müəllimlər üçün 115 min 900 ədəd vəsait çap edilərək Əfqanıstanın Təhsil Nazirliyinə təqdim edilib. Hazırda aparılan danışıqlara əsasən, bu fəaliyyətin gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycanda MZY proqramı minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiyasına yönəlib. Proqram çərçivəsində “Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi”, “Azərbaycanın minadan zərərçəkənləri üçün icma əsaslı kiçik biznes təlimləri”, “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi”, “Minadan zərərçəkmiş insanlara və yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb olunması” və “Əlil arabalarının paylanması” kimi layihələr həyata keçirib. Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini də uğurla davam etdirir.

2009-cu ildən başlayaraq, ANAMA müvafiq Dövlət Proqramına müvafiq olaraq, ikitərəfli əlaqələr çərçivəsində Əfqanıstan, Gürcüstan, Tacikistan və Türkiyədən olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər indi də davam etdirilir.

Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun Təlim və Monitorinq Qrupu tərəfindən 2001-ci ildən bu günədək humanitar mina aksiyası sahələri üzrə 160 təlim kursu keçirilib. Bu təlimlərdə 1728 müdavim iştirak edib. Onlardan 305-i əcnəbidir.

ANAMA ilə NATO/NSPA “Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsi olan 19 milyon kvadratmetr ərazinin təmizlənməsi üzrə əməliyyatlarına 2012-ci ilin aprelində başlanılıb və 2014-cü ilin iyulunadək davam etdirilib. Nəticədə 19 milyon kvadratmetr ərazi təmizlənib, 14 min 654 PHS və 173 mina aşkar edilərək zərərsizləşdirilib.

Ceyrançöl layihəsinin ikinci mərhələsinin icrası 2014-cü ilin iyulunda başlanıb və hazırda davam etdirilir. Layihə çərçivəsində 22 milyon 356 min 708 kvadratmetr ərazi təmizlənib və 1314 PHS tapılaraq zərərsizləşdirilib.

2016-cı il ərzində Samux rayonunun Qırmızı Samux ərazisində 46 milyon 287 min 261 kvadratmetr çirklənmiş ərazi mina və PHS-lərdən təmizlənib. Nəticədə 1866 PHS tapılaraq zərərsizləşdirilib.

Aprelin 7-dək iyulun 14-dək agentlik tərəfindən təmas xəttinə yaxın ərazilərdə - Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qazax rayonlarında 616 ev və həyətyanı sahə, 1533 partlayış yeri, 5 kənd orta məktəbi, 2 hərbi hissə, 1 tibb məntəqəsi, 2 kənd qəbiristanlığı, 28 ferma, 297 əkin sahəsi yoxlanılıb. Nəticədə 216 partlamamış hərbi sursat, 3 “POMZ-2”, piyada əleyhinə 15 “PMN” minası, tank əleyhinə bir “TM-62M” minası və piyada əleyhinə 1 “OZM-72” minası tapılaraq zərərsizləşdirilib. Həmin dövrdə agentlik tərəfindən Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində, Ağstafa, Tovuz, Zərdab, Şəmkir, Cəlilabad, Ucar, Astara, Bərdə, Samux və Göygöl rayonlarında 4 ev və həyətyanı sahəyə baxış keçirilib, 1373 ədəd partlamamış hərbi sursat, 22 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək agentlik tərəfindən 374 milyon 101 min 116 kvadratmetr ərazi təmizlənib, 720 min 298 mina və PHS tapılıb zərərsizləşdirilib. Təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Abşeron, Gəncə, Qazax, Mingəçevir, Samux, Tovuz, eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində davam etdirilir.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai ANAMA-nın kollektivini əlamətdar gün münasibətilə təbrik edib, onlara çətin işlərində uğurlar arzulayıb. ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən Qulam İsaqzai bildirib ki, beynəlxalq standartlara malik olan qurum ötən 18 il ərzində uğurlu yol keçib.

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Süleyman Əliyev çıxışında bildirib ki, 1994-cü ildə rayonun 84 yaşayış məntəqəsindən 22-si işğaldan azad edilib. Ötən dövrdə işğaldan azad edilmiş ərazilərdə 16 qəsəbə salınıb. Hazırda rayon ərazisində 70 min nəfər yaşayır. İndi əhali təhlükəsiz şəraitdə təsərrüfat işləri ilə məşğul olur, əkin-biçin aparırlar.

Tədbirdə səmərəli fəaliyyətin və peşəkarlığına görə fərqlənən əməkdaşlar təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.