DÜNYA
ANKARADA XATİRƏ GECƏSİ
Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar fevralın 26-da Bilkənd Universitetində tədbir keçirmişdir. Tədbirə Türkiyə Böyük Millət Məclisinin deputatları, ölkənin tanınmış elm, ədəbiyyat və incəsənət xadimləri, Ankarada işləyən professor və müəllimlərimiz, təhsil alan tələbələrimiz, habelə müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımız və Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin üzvləri dəvət olunmuşdular.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azəbaycan xalqına müraciəti oxundu. Xocalı faciəsi ilə əlaqədar sənədli film göstərildi.
Azrbaycan Respublikasının Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev faciənin baş vermiş səbəblərindən ətraflı söhbət açdı.
Türkiyənin dövlət naziri Rəşad Doğru, Böyük Millət Məclisinin deputatları Abbas Bozyel, İlhan Aküzüm, Türkiyənin yazıçılar və incəsənət xadimləri fondunun sədri Yəhya Akənqin, TÜRKSOY sədrinin müavini Ziya Yılmazer çıxış edərək xeyli insanın, o cümlədən körpələrin, qoca və qadınların amansızca qətlə yetirilməsinin soyqırım olduğunu söylədilər və Xocalı soyqırımının ilk növbədə türkdilli ölkələrin parlamentləri tərəfindən tanınmasının vacibliyini bildirdilər.
Sonra tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən foto-sərgiyə baxdılar.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara