İQTİSADİYYAT
“ANSA” agentliyinin oxucuları Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri barədə məlumatlandırılıb
Brüssel, 29 dekabr, AZƏRTAC
İtaliyanın nüfuzlu “ANSA” xəbər agentliyi Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərovun müsahibəsini yayıb.
Əsas mövzusu “Cənub Qaz Dəhlizi” layihəsi olan müsahibədə səfir F.İsgəndərovun layihənin hazırkı durumu və gələcəyi, eləcə də ümumilikdə ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri barədə fikirləri yer alıb.
Müsahibədə Azərbaycan qazının ilk kubmetrlərinin 2020-ci ildə Avropaya çatdırılacağını qeyd edən diplomat qaz borusunun yekun nöqtəsi olan İtaliyanın Leççe vilayətinin San Foka məntəqəsində ətraf mühitin qorunması xüsusunda narahatlıqlarla bağlı problemin müvafiq hakimiyyət orqanları tərəfindən tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirib, irimiqyaslı layihələrin həyata keçirilməsində bu kimi məqamların yaranmasının ilk hal olmadığını vurğulayıb.
Jurnalistin beynəlxalq enerji bazarında Azərbaycanın rəqabət qabiliyyəti ilə bağlı sualına cavab olaraq səfir F.İsgəndərov Azərbaycanın heç kəslə rəqabət aparmadığını bildirib, “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyə məsələləri ilə bağlı qərarların artıq qəbul edilməsini müsbət hal kimi səciyyələndirib.
O, habelə Şimal–Cənub nəqliyyat dəhlizi layihəsinin önəmini vurğulayıb və bu xüsusda, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilmiş görüşünü xatırladıb.
Sonda səfir F.İsgəndərov 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel