İDMAN
ANSA xəbər agentliyi: Romada ilk Avropa Oyunlarının təqdimatı oldu
Roma, 5 mart, AZƏRTAC
İtaliyanın ANSA xəbər agentliyinin saytında martın 4-də Romada keçirilmiş “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi ilə bağlı yazı yerləşdirilib.
İlk Avropa Oyunları haqqında məlumatların yer aldığı yazıda qeyd olunur ki, 17 gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq.
İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasında təşkil olunmuş mərasimdən bəhs edən yazıda əsasən Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışından sitatlar verilir.
Yazıda, həmçinin Azərbaycanın ilk Avropa Oyunlarına böyük diqqət ayırdığı və bu tədbirin keçirilməsi üçün mühüm işlərin görüldüyü vurğulanır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma