REGİONLAR
AQUPDK sədri Xızıda şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Xızı, 7 iyul, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, cari ay üçün qəbul cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 7-də Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Qəbulda Xızı, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib. Müraciətlər əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, yaşayış yerinin yaxşılaşdırılması, müavinətlərin alınması, məşqulluq, sağlamlıq, təhsil və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb və onların həlli üçün konkret tapşırıqlar verilib.
Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla, aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xızı rayonunun bir qrup fəal qadını ilə görüşüb.