REGİONLAR
“ARB Şimal” telekanalı 9 yaşını qeyd edir VİDEO
Xaçmaz, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
“ARB Şimal” telekanalı 9 yaşını qeyd edir.
AZƏRTAC xəbər verir ki, 2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan “ARB Şimal” telekanalı qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə populyarlıq qazanıb. Televiziya kanalı respublikamızın şimal bölgəsində yayımlanır.
“ARB Şimal” artıq 2 ildir ki, altı bölgə televiziyasının bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi olan ARB TV-də (Azerbaijan Republic Broadcasting – Azərbaycanın Respublika Yayımçısı) təmsil olunur.
Telekanalın direktoru Məhsim Məhsimov AZƏRTAC-a müsahibəsində bildirib ki, “ARB Şimal” tamaşaçılarına hər zövqə uyğun, bir-birindən maraqlı layihələr, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları təqdim edir. Televiziya kollektivi uzun illərin təcrübəsinə malik peşəkar kadrlarla yanaşı, həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. Televiziyada 100-ə yaxın əməkdaş çalışır ki, onların da 90 faizi şimal bölgəsini təmsil edir.
Məhsim Məhsimov qeyd edib ki, “ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq iki ildir ki, yayımını tam rəqəmsal formada gerçəkləşdirir.
“ARB Şimal” Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara da imza atıb. Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı–2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi–2015” film festivallarında qalib olub. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.