İQTİSADİYYAT
ARDNŞ-in Rumıniya nümayəndəliyi “Romanian Energy Awards-2013” mükafatı ilə təltif olunmuşdur VİDEO
Buxarest, 9 may (AZƏRTAC). Rumıniyanın aparıcı “Diplomat - Buxarest” jurnalının təqdim etdiyi “Romanian Energy Awards-2013” mükafatı ölkənin enerji sektorunda fəaliyyət göstərən məşhur şirkətlərin və menecerlərin uğurlarının mükafatlandırılması məqsədi ilə verilir. Rumıniya İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Energetika departamentinin himayəsi, Rəqabət Şurası, Elektrik Təchizatçılar Assosiasiyası, Rumıniya-Amerika Ticarət Palatası, Dünya Enerji Şurasının Rumıniya Milli Komitəsinin dəstəyi ilə artıq üç ildir keçirilən mərasim bu ölkənin enerji sektorunun aparıcı təmsilçilərini bir araya gətirmişdir. Tədbirdə Rumıniya hökumətinin, enerji tənzimləyici, enerji istehsalı və paylanması, ticarət, təbii ehtiyatlar (neft, qaz, kömür, hidro, bərpa olunan enerji vasitələri), maliyyə, hüquq, konsaltinq sektorunun təmsilçiləri iştirak etmişlər.
Münsiflər Heyətinin qərarı ilə ARDNŞ-in Rumıniya nümayəndəliyi “İlin neft və qaz layihəsi” nominasiyasında “Romanian Energy Awards-2013” mükafatına layiq görülmüşdür. Mükafat neft və qaz sahəsində hazırlanmış və yüksək səviyyədə həyata keçirilmiş, beləliklə də həm səhmdarlara, həm də cəmiyyətə fayda vermiş layihələrə görə verilir. Mükafat ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova təqdim olunmuşdur.
Həmzə Kərimov tədbir iştirakçılarına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cənubi Qafqaz regionunda və Türkiyədə həyata keçirdiyi iri layihələr barədə məlumat vermişdir. ARDNŞ-in Rumıniyadakı fəaliyyətindən danışan nümayəndəliyin rəhbəri bildirmişdir ki, bu ölkənin iqtisadiyyatına yatırılan sərmayələrin həcmi ilbəil artmaqdadır. Paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın iri şəhərlərində “SOCAR” brendi altında 27 yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. Həmzə Kərimov digər nominasiyalarda qalib gələn şirkətlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest