CƏMİYYƏT
ARGTMŞ Fransada keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının Fransanın Strasburq şəhərində təşkil etdiyi “İkinci Dünya müharibəsini xatırlayırıq və öyrənirik” adlı seminarda təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ARGTMŞ-ı Xəzər İntellektual Gənclər Klubunun rəhbəri Seymur Teymurov təmsil edib.
İkinci Dünya müharibəsinin başa çatmasının 70 illik yubileyi münasibətilə Avropa Şurası və Rusiya arasında ikitərəfli əməkdaşlıq çərçivəsində keçirilən seminarın məqsədi gənclər, gənclərlə iş mütəxəssisləri, gənc tədqiqatçılar və gənc liderlərin birbaşa iştirakı ilə Avropada gənclər siyasəti sahəsində əməkdaşlığın inkişafıdır.
Seminar zamanı İkinci Dünya müharibəsinin səbəblərinin, nəticələrinin daha dərin başa düşülməsinə, insan hüquqlarının aliliyinə və onları qorumağın vacibliyinə, qarşılıqlı anlaşma üçün mədəniyyətlərarası dialoqun önəminə diqqət çəkilib.
Tədbir plenar iclaslar və işçi qruplar şəklində keçirilib.
Seminar çərçivəsində iştirakçılar Strasburqda və yaxınlıqda olan xatirə yerlərini ziyarət edib, həmçinin İkinci Dünya müharibəsi veteranları ilə görüşüblər.