CƏMİYYƏT
ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəstəyi ilə daha bir gənc Avropa Könüllülük Xidməti çərçivəsində könüllülük mübadiləsində iştirak edir.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, Avropa Könüllülük Xidməti çərçivəsində həyata keçirilən “The Culture Bridge in COJEP” layihəsinə 2015-ci ilin sentyabr ayından start verilib. On iki ay davam edəcək layihə Fransanın Strasburq şəhərində “COJEP İnternational” təşkilatı tərəfindən reallaşdırılır. Layihənin əsas məqsədi müxtəlif ölkələrdən olan gənclər və qəbul edən təşkilat arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, həmçinin könüllülüyün təbliğ olunmasıdır. Layihə çərçivəsində iştirakçılar gənclər təşkilatlarının gündəlik fəaliyyətinə cəlb olunmaqla yanaşı, müxtəlif tədbirlərin, təlimlərin və aksiyaların təşkilində yaxından iştirak edir.
Azərbaycanlı gənc Emil Bağırov layihə çərçivəsində keçirilən mədəniyyət gecələrində ölkəmizin mədəniyyətini nümayiş etdirir. Emil könüllülük fəaliyyəti ərzində 7-ci Türk Film Festivalının təşkilində iştirak edib. O, təcrübə qazanmaqla yanaşı, Azərbaycanın gənclər sahəsindəki təcrübəsini digər gənclərlə bölüşüb. Layihənin sonunda E.Bağırov “Youthpass” sertifikatı ilə təltif olunacaq.