CƏMİYYƏT


ARGTMŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu uzadılıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) məşvərətçi statusu uzadılıb.

ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, BMT-nin əsas orqanlarından olan İqtisadi və Sosial Şura (ECOSOC) hər biri 3 il müddətində fəaliyyət göstərən 54 üzvdən ibarətdir. Şura 14 ixtisaslaşmış müəssisə, 10 funksional və 5 regional komissiyanı əlaqələndirmək, BMT-nin 11 fond və proqramından məruzə almaqla yanaşı, üzv dövlətlərə və BMT-yə daxil olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.

Qeyd edək ki, ARGTMŞ 2002-ci ildə ECOSOC-da məşvərətçi statusu əldə edib. Məşvərətçi statusu əldə etdikdən sonra hər 4 ildən bir təşkilat tərəfindən İqtisadi və Sosial Şuraya ARGTMŞ-ın fəaliyyəti ilə bağlı hesabat verilir və bununla məşvərətçi statusu uzadılır. Məşvərətçi status qeyri-hökumət təşkilatlarına yalnız ECOSOC-da deyil, Birləşmiş Millətlər Təşkilatının bir sıra alt qurumlarında, insan hüquqları ilə bağlı müxtəlif mexanizmlərdə, həmçinin BMT Baş Assambleyasının prezidenti tərəfindən təşkil olunmuş xüsusi tədbirlərdə iştirak etmək imkanı yaradır.

Azərbaycan Respublikası BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilib.

ARGTMŞ-in ECOSOC-da məşvərətçi statusu əldə etməkdə əsas məqsədi qurumun tədbirlərində iştirak edərək ölkəmizdəki gənclər siyasəti və onun uğurlu nəticələrini ictimaiyyətə çatdırmaq, respublikamızın milli maraqlarını qorumaq, Azərbaycan gəncliyinin qlobal səviyyədə təmsil olunmasını təmin etməkdir.

Milli Şuranın sədri Seymur Hüseynov bununla bağlı deyib: “Biz Azərbaycan gənclərinin yerli səviyyədə fəallıq göstərməsi ilə yanaşı, eyni zamanda, beynəlxalq arenada da təmsil olunmasına önəm veririk. ARGTMŞ gənclər və gənclər təşkilatlarının vahid platforması olaraq onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak etməsinə, gənclərimizin səsinin dünyaya çatdırılmasına, ölkəmizin tanıdılmasına xüsusi diqqətlə yanaşır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.