CƏMİYYƏT
ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Qara Dəniz Gənclər Şəbəkəsi çərçivəsində əməkdaşlıq mövzusunda beynəlxalq tədbirdə iştirak ediblər.
Milli Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ARGTMŞ-ın sədr müavinləri İlyas İsmayıllı və Aysun Zeynalova, ARGTMŞ-ın üzvü olan "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Tural Cəfərov və "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyinin idarə heyətinin üzvü Orxan Babayev ilə yanaşı, Türkiyə, Bolqarıstan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Rumıniya və Ermənistanın nümayəndələri də iştirak edib.
Tədbirin məqsədi Qara dəniz regionunun Milli Gənclər Şuraları arasında dialoq və qarşılıqlı etimadın artırılması və həmçinin regionda strateji əməkdaşlığın gücləndirilməsi, perspektivlərin müzakirəsi olub.
Açılış mərasimində iştirakçı ölkələrin gənclər siyasəti ilə bağlı təqdimat keçirilib. Təqdimat zamanı ölkəmizi təmsil edən nümayəndə heyəti Azərbaycanın gənclər siyasəti ilə bağlı ətraflı məlumat verib, ölkəmizdə gənclər sahəsində qazanılan təcrübələrdən danışıb. Daha sonra ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərdən bəhs edilib.
Sonra Qara Dəniz Gənclər Şəbəkəsi çərçivəsində yeni layihələr üzərində əməkdaşlığın perspektivləri haqqında müzakirə aparılıb.