CƏMİYYƏT
ARGTMŞ-nin üzv təşkilatlarının nümayəndələri beynəlxalq tədbirə qatılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndələri Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən beynəlxalq düşərgədə iştirak edib. Düşərgədə ARGTMŞ-nin üzvləri - “Bakı Gənclər Klubu” və "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti" ictimai birlikləri təmsil olunub.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, “Dialoq 2016” Beynəlxalq Gənclər Düşərgəsinin məqsədi gənclər arasında mədəni müxtəlifliyin dəyərinin və mədəniyyətlərarası dialoqun qurulmasında gənclərin fəallılığının artırılmasıdır.
Düşərgədə iştirakçılar mədəniyyətlərarası dialoqun yerli icmalar arasında qurulması və inkişafı, cəmiyyətdə müsbət dəyişiklik imkanları haqqında müzakirələr aparıblar və bu istiqamətdə fəaliyyət strategiyası qurulub. Təlimlər zamanı, həmçinin potensial liderlərin üzə çıxarılması və onların yerli icmalar ilə işləməsinin təmin edilməsinə dəstək olmaq prioritet məsələlərdən idi. Tədbirin mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Mədəniyyət gecəsində Azərbaycanın milli tarixi haqqında məlumat verilib, milli rəqsləri, musiqisi ifa edilib və mətbəxi nümayiş olunub.