REGİONLAR
ARIÇILIQ MƏHSULLARI SƏRGİ-YARMARKASI
Sentyabrın 20-də Milli Parkda arıçılıq məhsullarının ilk respublika sərgi-yarmarkası açılmışdır. “Qızıl pətək” Arıçılar Cəmiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin “Avrasiya” fondunun maliyyə yardımı ilə təşkil etdikləri sərgidə respublikanın 28 rayonundan 150 arıçı iştirak edir.
Kənd təsərrüfatı naziri İrşad Əliyev açılış mərasimində çıxış edərək bildirdi ki, Azərbaycanda qədim ənənələri olan arıçılıqda son illər müəyyən gerilik yaranmışdır. Nazirlik Azərbaycan balının keçmiş şöhrətini qaytarmaq üçün bir sıra tədbirlər görmək niyyətindədir.
Azərbaycanda arıçılıq üçün hər cür şərait – zəngin genetik material, balverən 603 bitki növü vardır. Hazırda ölkədə 50 min arı ailəsi vardır və gələcəkdə onların sayı 100 minə çatdırıla bilər. Qeyd olundu ki, oturaq arıçılıqla yanaşı, köçəri arıçılığı da inkişaf etdirmək lazımdır.
Açılış mərasimində qabaqcıl arıçılara nazirliyin fəxri fərmanları təqdim olundu. “Qızıl pətək” cəmiyyətinin sədri, biologiya elmləri namizədi Yevdokiya Xanbekova nazirliyin baytarlıq laboratoriyasında ekspertizadan keçmiş məhsullarına görə sərgi iştirakçılarına keyfiyyət sertifikatları vermişdir.
Xanbekova AZƏRTAC-ın müxbirinə bildirdi ki, cəmiyyət Arıçılıq Mərkəzi yaratmaq, xüsusi jurnal nəşr etmək, xəstə arıların sayı barədə daha tam məlumat almaq üçün pətəklərin pasportlaşdırılmasını kecirmək, fermerləri müasir avadanlıq və dava-dərmanla təmin etmək niyyətindədir.