MƏDƏNİYYƏT
ARXİVDƏ YAZIÇI SEYİD HÜSEYNİN ŞƏXSİ FONDU YARADILMIŞDIR
Arxivin direktoru Maarif Teymur AZƏRTAC-ın müxbirinə demişdir ki, arxivə repressiya qurbanı olmuş Seyid Hüseynin və onun ailə üzvləri-Umugülsüm xanımın, qızı Qumral Sadıqzadənin, kürəkəni Aydın Hüseynzadənin və qayınatası, şair Əli Səburun sənədləri qəbul edilmişdir. Hazırda həmin sənədlər üzərində ilkin ekspertiza işləri aparılır.
Qeyd edilmişdir ki, arxivə yazıçı ilə bağlı arxivə 1000-dən çox sənəd daxil olmuşdur. Bu sənədlərin arasında Seyid Hüseynin Nəriman Nərimanov və Əli Səburla, ailə üzvləri və başqa qələm dostları ilə birlikdə çəkdirdiyi 10-a qədər fotoşəkili, eyni zamanda əlyazmaları, şair və yazıçılarla yazışmaları, “İqbal” qəzetində çap olunmuş məqalələri, həmin qəzetin bəzi sayları, müxtəlif illərdə nəşr edilmiş kitabları elmi araşdırmalar baxımından xüsusilə qiymətli materiallardır.
Qumral Sadıqzadə və Aydın Hüseynzadə tərəfindən Seyid Hüseynin arxivə verilmiş sənədləri üzərində ekspertiza işləri başa çatdıqdan sonra yazıçının şəxsi fondu açılacaqdır.