İQTİSADİYYAT


“ASAN İnnovasiyalar Mərkəzi” və “Mastercard” əməkdaşlıq memorandumu imzalayıb

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” və “Mastercard” qlobal ödəniş texnologiyaları şirkəti arasında maliyyə savadlılığı ilə bağlı layihələrdə birgə əməkdaşlıq çərçivəsində “Nağdsız Azərbaycan” baxışına töhfə vermək məqsədilə memorandum imzalanıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meniç imzalayıb. Memorandum özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi üçün qarşılıqlı anlaşmanı ifadə edir. Bu, həmçinin “Mastercard” şirkətinin nağdsız cəmiyyətin təşviqi üçün müxtəlif təşəbbüslərin həyata keçirilməsində “İnnovasiyalar Mərkəzi” ilə birgə tərəfdaşlığının rəsmi başlanğıcıdır.

“İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi bildirib ki, “ASAN İnnovasiyalar Mərkəzi” ictimai sektorda elektron ödənişlərin inkişafı üçün çalışan ən qabaqcıl qurumlardan biridir. Beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək həmişə prioritetlərimizdən biri olub və düşünürəm ki, “Mastercard”la tərəfdaşlığımızın ilk mərhələsinin başlanğıcı “Nağdsız Azərbaycan” baxışımızın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq.

Azərbaycanın aparıcı ictimai qurumlarından olan “İnnovasiyalar Mərkəzi” ilə tərəfdaşlığa başlamaqdan böyük məmnuniyyət duyduqlarını bildirən “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç imzalanmış memorandumun önəmindən danışıb. Alper Meriç qeyd edib ki, nağd pul üzərində qurulmuş iqtisadiyyat vətəndaşların və dövlətin sosial problemlərə qarşı həssaslığını artırır, əlavə xərclərə və narahatlığa gətirib çıxarır. Bizim maliyyə inteqrasiyasına yanaşmamız xeyriyyəçilik və ya korporativ sosial məsuliyyətdən ibarət deyil. Biz bu məsələnin həllini ictimai və özəl tərəfdaşlıqlar vasitəsilə rəqəmsal ödəniş texnologiyalarının tətbiqində və bununla da maliyyə savadlılığının yüksəldilməsinə öz töhfəmizi verməkdə görürük.

Qeyd edək ki, hazırda istehlakçı bazarında üzərinə götürdüyü öhdəliklə yanaşı, “Mastercard” nağdsız ödənişlərdə özünün ən qabaqcıl ödəniş texnologiyalarını tətbiq etmək məqsədilə Azərbaycanda ictimai və dövlət qurumları ilə münasibətlərdə də yeni bir səhifəyə qədəm qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.