CƏMİYYƏT
ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” başlayır
Bakı, 19 iyul, AZƏRTAC
2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən “Həmrəylik düşərgəsi” layihəsi həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, layihə ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə keçirilir.
İyulun 20-25-də Azərbaycanda multikultural ənənələrin mövcud olduğu, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən misgərlik sənətinin vətəni Lahıcda baş tutacaq “Həmrəylik düşərgəsi” layihəsi çərçivəsində bir sıra sosial aksiya və tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində altı gün müddətində hərbi qaydalar üzrə yaşayış tərzi, vətənpərvərlik ruhunda səhər yürüş-idmanı və səhər yeməyi planlaşdırılır.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları düşərgənin açılış tədbirini həyata keçirəcəklər. Xidmətin hərbi orkestrinin ifasında dövlət himni səsləndiriləcək və düşərgə açıq elan ediləcək. Düşərgənin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, eyni zamanda, “Həmrəylik düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış edəcəklər.
Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı, həmçinin dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub. Qeyd edilib ki, “Həmrəylik düşərgəsi”nin keçiriləcəyi Lahıc qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.
Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində məhsulları ilə dəstək veriblər: PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, Vertical Group, ALT Group, SHARP, AZ CAKE, Səba, P&G, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup.