İQTİSADİYYAT
“ASAN Wi-Fi” Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Ölkə ərazisində, xüsusilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu günədək 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.
Qeyd edək ki, “ASAN Wi-Fi” layihəsi Prezident İlham Əliyevə 2016-cı il avqustun 10-da Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı təqdim olunub. Ötən ilin oktyabrından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başlayıb. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.