İQTİSADİYYAT
“ASAN imza” Daşkənddə keçirilən “ICTWEEK Uzbekistan 2016” həftəsində təqdim edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 19-23-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “ICTWEEK Uzbekistan 2016” informasiya-kommunikasiya texnologiyaları həftəsi keçirilib. Özbək İKT həftəsi çərçivəsində baş tutan çoxsaylı tədbirlərdən biri olan İnternet Forumda “B.EST Solutions” şirkəti Azərbaycanın “ASAN imza” mobil elektron imza texnologiyasını təqdim edib.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə mobil identitet mövzusunda təqdimatla çıxış edən şirkətin rəhbəri Yana Krimpe mobil imza texnologiyasının imkanları və üstünlükləri barədə danışıb, eləcə də tədbir iştirakçılarını mobil identitet alətinin tətbiqi ilə elektron xidmətlərin və innovativ həllərin inkişafı sahəsindəki cari vəziyyətlə tanış edib. O qeyd edib ki, mobil identitet təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək istəyən və istifadəçiləri ilə qarşılıqlı əlaqələri təkmilləşdirməyə can atan dövlət və özəl müəssisələrin elektron məlumat sistemlərinə giriş imkanı verən ən çevik və effektiv alətdir. Vurğulanıb ki, innovativ cəhətlərinə və istifadədə rahatlığına görə hazırda Azərbaycanda “ASAN imza” vasitəsilə təqdim edilən elektron xidmətlərin sayı yüzlərlə ölçülür və bu xidmətlərə daxil olmaq üçün sadəcə mobil telefonun və bütün mobil operatorlar üçün eyni olan “ASAN imza” SIM kartının mövcudluğu kifayət edir.
“ASAN imza” ilə mümkün olan e-xidmətlər sırasında elektron vergi və gömrük bəyanetmə xidmətləri, hüquqi şəxslərin onlayn qeydiyyatı, korporativ bank hesabının onlayn açılması, işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsinin onlayn qeydiyyatı, ali məktəblərə daxil olmanın onlayn qeydiyyatı, mobil imza texnologiyasının telefon çağrı mərkəzləri ilə inteqrasiyası, internet və mobil bankçılıq və s. kimi xidmətlər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Tədbir çərçivəsində Özbəkistanda Azərbaycanın “ASAN imza” modeli əsasında mobil identitet və imza texnologiyasının tətbiqi sahəsində mümkün əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ikitərəfli görüşlər də keçirilib.
“ICTWEEK Uzbekistan 2016” həftəsi Rusiya, Böyük Britaniya, ABŞ, Koreya, Belçika, Qazaxıstan, Azərbaycan, İsrail, Çin, İsveçrə və digər ölkələri təmsil edən sahibkarları, rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirib. Ümumilikdə, tədbirin işinə sıralarında dövlət orqanlarının və İKT sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, beynəlxalq ekspert və analitiklər, iri texnoloji şirkətlərin təmsilçiləri və digər vəzifəli şəxslərin olduğu 400-dən artıq iştirakçı qatılıb.