İQTİSADİYYAT
“ASAN könüllüləri” SOCAR-da təcrübə keçəcəklər
Bakı, 30 noyabr, AZƏRTAC
İnsan Resursları Departamentində SOCAR-da ödənişsiz təcrübə keçəcək “ASAN könüllüləri” ilə görüş olub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, departamentin rəisi Asif Bəkirli “ASAN könüllüləri”nin şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələrinin SOCAR-ın gənclər siyasətinin tərkib hissəsini təşkil etdiyini deyib.
Şirkətin təcrübəli mütəxəssislərindən dəyərli bilik və bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum yararlanmağı tövsiyə edib.
Qeyd edək ki, SOCAR-da ödənişsiz təcrübə keçmək üçün 39 nəfər məntiq üzrə test imtahanında iştirak edib. İmtahandan uğurla keçən 22 könüllü müsahibə mərhələsinə dəvət olunub, bu mərhələdə isə 12 nəfər seçilib. Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin “Azneft” İB-də, İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) ödənişsiz təcrübə keçmələri nəzərdə tutulub. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.