CƏMİYYƏT


“ASAN” könüllüləri SOCAR-ın idarə və müəssisələrində təcrübə keçiblər

Bakı, 17 yanvar, AZƏRTAC

“ASAN xidmət” və SOCAR arasında imzalanan əməkdaşlıq sazişinə əsasən həyata keçirilən tərəfdaşlıq uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, “ASAN School” könüllülük məktəbinin “Master 2” pilləsi çərçivəsində 12 “ASAN” könüllüsü SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçirlər. Könüllülər “Azneft” İB-də, insan resursları departamentində, əmək şəraiti normalarının işlənməsi idarəsində, informasiya texnologiyaları və rabitə idarəsində, ekologiya idarəsində və Heydər Əliyev adına neft emalı zavodu olmaqla müxtəlif idarələr üzrə bölgü aparılaraq üçaylıq təcrübə proqramına cəlb olunublar.

Gənclər SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışıb, onların dəyərli təcrübələri ilə yaxından tanış olublar. Onlara həmin idarələrin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Gənclər şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak edib, hesabatların hazırlanması, monitorinqlərin keçirilməsi, işgüzar münasibətlərin qurulması istiqamətində həyata keçirilən bütün işləri mənimsəyiblər.

“Master 2” pilləsi çərçivəsində təcrübə keçən könüllülər sonda “ASAN xidmət” və SOCAR tərəfindən birgə sertifikatlarla təltif olunacaqlar.

SOCAR-ın əmək şəraiti normalarının işlənməsi idarəsində təcrübə keçən “ASAN könüllüsü” Səbinə Kərimli deyib: “SOCAR-da təcrübə keçmək mənə iqtisadi biliklərimi artırmağı və maliyyə hesabatlarını düzgün təhlil etməyi öyrətdi. Hər bir gəncin arzusudur ki, mehriban və peşəkar kollektivdə iş təcrübəsi qazansın. Bu arzumu reallaşdırmağa şərait yaratdığına görə “ASAN School”a və SOCAR-a minnətdarlığımı bildirirəm”.

Şirkətin ekologiya departamentində təcrübəni başa vuran könüllü Gülər Mejdinova isə təəssüratlarını bölüşərək bildirib: “SOCAR-da təcrübə keçmək istəyim gələcəkdə iş və karyera planlarım üçün atdığım ən uğurlu addım idi. Gözəl kollektivi, gülərüz insanları tanımaq, iş həyatına uyğunlaşmaq və ən əsası, ixtisas biliklərimi praktiki cəhətdən genişləndirmək üçün “Master 2” mənə əlverişli şərait yaratdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.