ELM VƏ TƏHSİL


“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Bakı, 27 iyul, M.Dadaşov, AZƏRTAC

Avqustun 1-dən 22-dək 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu aparılacaq. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində sənəd qəbulu komissiyalarında aparılacaq. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib.

Nazirlik rəsmisi deyib ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri, Bərdə, Masallı, Sabirabad və Qəbələ rayonları üzrə qəbul "ASAN xidmət” mərkəzləri ilə yanaşı, ilk peşə təhsil müəssisələri tərəfindən də aparılacaq. “ASAN xidmət”in fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.

Onun sözlərinə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdirlər. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. Sənəd qəbulu komissiyalarında müraciət edənlərin sərbəst seçimi əsasında ilk peşə-ixtisas təhsili müəssisələri və onların ixtisasları müəyyənləşdirilir və istədikləri ardıcıllıqla təsdiqlənir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, birillik, ikiillik və üçillik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti üçillik olan proqramlar üzrə seçimdə yalnız son iki ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilələr. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda, təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya ikiillik proqramlar üzrə də seçimdə iştirak edə bilərlər.

C.Valehov vurğulayıb ki, ötən ildən başlayaraq “ASAN peşə” layihəsi çərçivəsində Bakı və Gəncədə dörd mindən çox şəxs ilk peşə ixtisas müəssisələrinə qəbul olunub. Onlardan 733-nün əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.