REGİONLAR


“ASAN qatar”ın növbəti dayanacağı: Xaçmaz Dəmiryol Stansiyası VİDEO

Xaçmaz, 22 may, Elxan Yusifli, AZƏRTAC

Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Xaçmaz Dəmiryol Stansiyasıdır.

AZƏRTAC xəbər verir ki, mayın 22-dən etibarən Xaçmazla yanaşı Quba, Qusar və Şabran rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.

Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.

Vətəndaşlar 15 gün ərzində notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və başqa xidmətlərdən faydalan bilərlər.

Bu, səyyar “ASAN qatar”ın şimal bölgəsinə ilk səfəridir. Elə ilk gündən əhalinin fəallığı müşahidə olunur.

Səyyar qrup rəhbəri Ülvi Həsənzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası həyata keçirilir. Səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur.

Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 4 vaqondan ibarətdir. “ASAN qatar”a üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, eləcə də digər xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün də müraciət edirlər. Qatara yaxınlaşan vətəndaş dinlənilir və aidiyyəti üzrə xidmət vaqonunda müraciəti təmin olunur.

Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar iyunun 5-dək saat 9-dan 18-dək Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.