CƏMİYYƏT
“ASAN xidmət” Çilov adasında
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl “Azneft” İstehsalat Birliyinin sosial inkişaf şöbəsinin müdiri Nizami Qarayev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən söz açdı, bu sazişin müstəqil Azərbaycanın inkişafında mühüm rolunu vurğuladı. N.Qarayev
“Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Neftçilər Günü münasibətilə “28 May” NQÇİ-nin Çilov adasında fəaliyyət göstərən işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.
Adada normal həyat şəraiti yaradılıb. Ada sakinlərinə xidmət zaman-zaman yaxşılaşdırılır. Bu haqda danışan şöbə müdiri bildirdi ki, ölkəmizdə fədakar neftçi əməyinə xüsusi qiymət verilir, neftçilərə daim böyük qayğı göstərilir. Bugünkü tədbir də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Agentliyin əməkdaşı Anar Hüseynov qeyd etdi ki, səyyar xidmətin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, xidmətlərin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsidir. Bu məqsədlərə nail olmaq üçün “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə səyyar xidmət göstərilir, vətəndaşların mərkəzlərə gəlmədən xidmətlərdən yararlana bilirlər.
Sonra Çilov adasının sakinlərindən 12-nə şəxsiyyət vəsiqəsi, 8-nə isə ümumvətəndaş pasportu təqdim olundu. Səyyar xidmətdən yararlananlar ARDNŞ-in və “ASAN xidmət”in rəhbərliyinə minnətdarlıq etdilər.