ELM VƏ TƏHSİL
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə mexanizminin təqdimatı olub VİDEO
Bakı, 3 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC
Oktyabrın 3-də “ADA” Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu ali məktəb tərəfindən hazırlanan dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə mexanizminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, müvafiq mexanizm Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn tapşırıqların icrası ilə bağlı hazırlanıb.
Tədbirdə “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə agentlik arasında sıx əlaqələrin olduğunu bildirib. Diqqətə çatdırılıb ki, “Elektron hökumət” sahəsində ölkəmizdə görülən işlər sürətlə genişlənir və “ASAN” xidmət mərkəzləri bu istiqamətdə öz töhfəsini verməkdədir. “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması böyük nailiyyətdir və təqdirəlayiq haldır.
H.Paşayev qeyd edib ki, “ADA” Universitetinin “ASAN” xidmət mərkəzləri ilə birgə keçirdiyi treninqlər onlarla dövlət qulluqçusu üçün faydalı olur. O deyib: “Belə bir layihənin universitetimizdə təqdim edilməsi təsadüfi deyil. Gələcəkdə bu mexanizmin uğur qazanmasında “ADA” Universitetinin də rolu qeyd olunacaq”.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov layihənin əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edilib ki, bu mexanizm vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişafı, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təminatı, bu sahədə nəzarət və şikayət mexanizmlərinin təkmilləşdirilməsi, bu cür xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi təmin ediləcək. Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqqında bütün məlumatlar reyestrdə əksini tapıb. Bu layihə ilə dövlət xidmətlərinin qiymətləndirilməsinə cari ilin noyabrından başlanacaq. Gələn ilin ortalarında yeddi parametr üzrə aparılacaq qiymətləndirmənin nəticələri ictimaiyyətə açıqlanacaq.
İ.Kərimov diqqətə çatdırıb ki, yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları deyil, dövlət mülkiyyətində, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatlarının xidmətləri də dövlət xidmətlərinin Elektron Reyestrində əks olunacaq, eləcə də vətəndaşlar vahid mənbədən bütün dövlət xidmətlərinə çıxış əldə edəcəklər.
Sonra agentliyin hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə mexanizminin təqdimatını edib.
Tədbir iştirakçılarının sualları cavablandırılıb.