CƏMİYYƏT
“ASAN xidmət” mərkəzinin könüllüləri Azərbaycan Təbabəti Muzeyinə ekskursiyada olublar
Bakı, 16 avqust, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 2 nömrəli Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin bir qrup könüllü gəncinın rayondakı Azərbaycan Təbabəti Muzeyinə ekskursiyası təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirıblər ki, ekskursiya zamanı gənclərə muzey haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşən muzeydə 1914-1917-ci illərdə görkəmli dövlət xadimi Nəriman Nərimanov Həştərxan sürgünündən sonra həkim kimi fəaliyyət göstərib. İndi 9 salondan ibarət olan muzeydə Azərbaycan xalqının mədəni irsinin mühüm tərkib hissəsini, qədim dövrlərdən başlanmış bugünkü günə qədər respublikanın tibb və səhiyyəsinin inkişaf tarixini, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini əks etdirən fotoşəkillər, sənədlər və əsərlər nümayiş etdirilir.
Muzeydə, həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən uğurlar, Ulu Öndərin müxtəlif konfranslarda iştirakı, dünya şöhrətli həkim və tibb işçiləri ilə görüşlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Azərbaycanda oftalmologiyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan əməkdar elm xadimi, M.İ.Averbax adına mükafata layiq görülmüş akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə dair sənədlər də muzeyin eksponatları sırasındadır.
Təbabət muzeyində son illər ölkəmizdə yeni açılmış və əsaslı təmir olunmuş tibb ocaqlarının fotoşəkilləri təqdim olunur. Stendlərdə, həmçinin Prezident İlham Əliyevin səhiyyə islahatlarının aparılması yönündə verdiyi sərəncam və fərmanlar nümayiş etdirilir.
Muzeyin eksponatları ilə tanışlıq könüllü gənclərdə səhiyyə haqqında dolğun təəssürat yaradıb.