CƏMİYYƏT
“ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turnirində 8 komanda iştirak edib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fevralın 9-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında Xidmətin yaradılmasının beşinci ildönümünə həsr edilmiş atıcılıq turniri keçirib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turnirində səkkiz komanda iştirak edib.
Turnirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək “ASAN xidmət” mərkəzləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. O, Xidmətin beş illik fəaliyyəti barədə məlumat verib və ötən müddətdə qazandığı nailiyyətlərdə digər dövlət strukturları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın da xüsusi rolu olduğunu bildirib. Z.Abdullayev turnir iştirakçılarına maraqlı mübarizə və uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətini qurumun yaradılmasının beşinci ildönümü münasibətilə təbrik edib. Xidmətin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin işini müsbət qiymətləndirərək birgə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Tədbirin fəxri qonağı paraolimpiya çempionu İlham Zəkiyev belə turnirlərin gələcəkdə işğal altındakı rayonlarımızda da keçirilməsini arzulayıb, ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra iştirakçılara təhlükəsizlik qaydaları barədə təlimat verilib.
Turnirdə iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Birinci yeri “İnnovasiyalar” komandası, ikinci yeri 1 saylı “ASAN xidmət” Mərkəzinin komandası, üçüncü yeri Agentliyin aparatının komandası tutub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.
Turnirin “sərrast atıcı” kubokunu isə “İnnovasiyalar” komandasının üzvü Zakir Əhmədov qazanıb.