CƏMİYYƏT


“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün könüllülərə bu gündən bank kartları verilir VİDEO

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün könüllülərə oktyabrın 27-dən etibarən bank kartları verilir. Bu kartlar vasitəsilə ASAN könüllülərinə bir il müddətinə aylıq müavinətin verilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN School” könüllülük proqramının rəhbəri Cahangir Hacıyev bildirib ki, ayrılan vəsait ASAN könüllülərinin özünüinkişaf proqramına dəstək və onların həvəsləndirilməsi məqsədini daşıyır. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 800-ə yaxın könüllü bu vəsaiti əldə edəcək. Bundan sonra fəaliyyətə başlayacaq könüllülər də özünüinkişaf proqramı çərçivəsində bu vəsaitdən yararlana biləcəklər.

Xatırladaq ki, bu il sentyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti “ASAN School” könüllülük məktəbi çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.