CƏMİYYƏT


“ASAN xidmət”in beynəlxalq nüfuzu artmaqdadır

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Türkiyənin məşhur “Hurriyet Daily News” mətbu orqanı “ASAN xidmət”in fəaliyyətindən bəhs olunan “Azərbaycanın mükafat qazanmış dövlət xidmətləri mexanizmi dünyaya yayılır” sərlövhəli məqalə dərc edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na layiq görülən “ASAN xidmət” təcrübəsinin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə avqustun 19-da Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Şik Azərbaycanın səlahiyyətli dövlət orqanı ilə Anlaşma Memorandumu imzalayıb.

Yazıda qeyd edilir ki, Anlaşma Memorandumu müvafiq sahədə birgə tədqiqatların aparılması, mütəxəssislərin və texnoloji yeniliklərin mübadilə edilməsi üzrə fəaliyyətlərin həyata keçirilməsini təmin edəcək.

Vurğulanır ki, Azərbaycan brendi olan “ASAN xidmət” təcrübəsi inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr tərəfindən mütəmadi olaraq öyrənilir və tətbiq edilir.

Məqalədə, həmçinin iyulda Əfqanıstanın “ASAN xidmət” modelinə müraciət etdiyi və bu təcrübənin tətbiqi ilə əlaqədar Azərbaycan tərəfi ilə müqavilə bağladığı, habelə artıq ölkədə eyniadlı qurum yaratdığı bildirilir (ASAN Khedmat).

Bundan başqa, “ASAN xidmət” modelinin Albaniya, İtaliya, Estoniya, Makedoniya və digər Avropa ölkələri tərəfindən yüksək qiymətləndirildiyi də məqalədə öz əksini tapıb.

Sonda “ASAN xidmət” konsepsiyasının İtaliya ilə bölüşülməsi və ölkələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə oxşar Memorandumun İtaliya Respublikası Baş Nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə Departament ilə imzalandığı da vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.