DÜNYA


ASEAN-ın regional forumunda Şimali Koreya mövzusu əsas məsələlərdən biri olub

Tokio, 8 avqust, AZƏRTAC 

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Manilada keçirilən təhlükəsizlik məsələlərinə həsr edilmiş forumunda Şimali Koreyanın raket və nüvə proqramları əsas mövzulardan biri olub.

NHK telekanalının yaydığı məlumata görə, ASEAN-ın avqustun 7-də Filippinin paytaxtı Manilada keçirilən regional forumunda 27 ölkənin, o cümlədən Yaponiya, ABŞ, Çin və Şimali Koreyanın xarici işlər idarələrinin rəhbərləri iştirak ediblər.

Forum BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı qəbul etdiyi son sanksiyalardan sonra keçirilib.

Tədbirdə ABŞ və Yaponiya sanksiyalara əməl olunmasının zəruriliyini bildiriblər. Digər ölkələr də təxribatçı hərəkətlərə, xüsusən də ballistik raket sınaqlarına görə Şimali Koreyanı tənqid ediblər.

İndoneziyanın təmsilçisi qeyd edib ki, bu hərəkətlər ASEAN-ın əsas prinsiplərinin əks olunduğu Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq barədə Müqavilənin şərtlərini pozur.

Şimali Koreyanın xarici işlər naziri Ri Yon Xo deyib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə kəskin cavab verəcək. Pxenyanın nüvə və raket proqramlarını bundan sonra da inkişaf etdirəcəyini vurğulayan nazir bildirib ki, özünümüdafiə məqsədilə nüvə silahına malik olmaq ölkəsinin qanuni hüququdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.