SİYASƏT
AŞPA-da Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışılıb
Strasburq, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının sərbəst debatları keçirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova V Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumat verib.
Komitə sədri bildirib ki, qlobal təhdidlərin, terrorizmin, dini qarşıdurma meyillərinin artdığı, xüsusilə də birgəyaşayış üçün ciddi yanaşmaların tələb olunduğu bir zamanda milli, mədəni və əxlaqi dəyərlərimiz itirilməməli və milli fərqlər nifaqa səbəb olmamalıdır. Qarşılıqlı hörmət əsasında əməkdaşlıq edərək ümumi dəyərlərimizi müdafiə etməliyik. Beynəlxalq humanitar əməkdaşlıq müasir çağırışlara və təhdidlərə qarşı ən səmərəli cavabdır.
Milli Məclisin deputatı sentyabrda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyində bu kimi məsələlərin qoyulduğunu diqqətə çatdırıb və Forumun ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını bildirib. O, Azərbaycan hökumətinin təşəbbüsü və iştirakı ilə son on il ərzində multikulturalizm və mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Dövlət xadimlərinin, tanınmış siyasətçilərin, Nobel mükafatı laureatlarının iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, eləcə də qlobal məsələlər sahəsində müzakirə və fikir mübadiləsi üçün ən ideal platforma olduğunu vurğulayıb.
O, Bakı Forumu haqqında geniş məlumat verərək, son illərdə Azərbaycan da daxil olmaqla bir çox digər ölkələrin davamlı inkişaf sayəsində nail olduqları tərəqqinin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığını qeyd edib.
Diqqətə çatdırılıb ki, Bakı Forumunun iştirakçıları tolerant və qarşılıqlı hörmət mühiti yaratmağa yönəlmiş belə forumların, konfransların və “dəyirmi masa”ların keçirilməsi ilə bağlı çağırışlar ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq