CƏMİYYƏT
AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Baş Prokurorluqda olub
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Qaralov Azərbaycan ilə AŞPA arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Baş prokuror Ermənistan silahlı qüvvələri tərəfindən 25 ildən artıq müddət ərzində beynəlxalq hüququn normalarının pozularaq Azərbaycan ərazilərinin işğal altında saxlanılması, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsinin bu günədək icra edilmədiyini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Alan Desteks ətraflı məlumata görə təşəkkürünü bildirib. O, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edərək, məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnunluğunu vurğulayıb.
Söhbət zamanı insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən “Xocalıya ədalət!” kitabı təqdim olunub.
Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.