CƏMİYYƏT
AŞPA-nın iclasında qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində Azərbaycanda görülən tədbirlərdən danışılıb
Paris, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova Parisdə bu təşkilatın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak edib.
İclasın gündəliyindəki məsələlərə münasibət bildirən Sahibə Qafarova qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin reallaşdırdığı layihələrdən, BMT-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Bakıda keçirilən konfransdan danışıb. Bildirib ki, tədbirin sonunda bir qrup gənc cəmiyyətdə qadınlara qarşı zorakılıqla mübarizə mesajlarını düşündürücü kompozisiya ilə təqdim edib. S.Qafarova bildirib ki, bir neçə il bundan əvvəl əsası qoyulan kampaniya indi milli səviyyədə daha çox iştirakçıları cəlb edən bir tədbirə çevrilib.
Milli Məclisin üzvü iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı ikiillik layihə, eləcə də Ailə Strategiyası, məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı barədə geniş məlumat verib. Vurğulayıb ki, ölkəmizdə prioritet istiqamətlərdən biri də məişət zorakılığının qarşısının alınmasıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris