SİYASƏT
AŞPA-nın payız sessiyası öz işinə başlayıb
Strasburq, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyası payız sessiyası Büro iclası ilə öz işinə başlayıb.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak edir.
Payız sessiyasının birinci günü Assambleyada üç nəfərə insan hüquqları üzrə “Vaklav Havel 2016” mükafatı təqdim ediləcək.
Parlament Assambleyasının plenar iclasında Fransa Prezidenti Fransua Ollandın, eləcə də Almaniya, Türkiyə və Estoniyanın xarici işlər nazirlərinin çıxışı gözlənilir.
Payız sessiyasında Türkiyədə dövlət çevrilişinə cəhd kontekstində cari vəziyyət, Ukraynada münaqişənin siyasi nəticələri müzakirə olunacaq.
Avropa Şurasının baş katibi millət vəkillərinin suallarını cavablandıracaq.
Azərbaycan nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq