SİYASƏT


AŞPA-nın qış sessiyasında Azərbaycanın multikultural dəyərlərindən danışılıb

A+ A

Strasburq, 27 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında sərbəst müzakirələr zamanı Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, bu gün dünya ictimaiyyəti çox ciddi problemlərlə üzləşir. Bir tərəfdən, qlobal iqtisadi böhranın dövlətlərin iqtisadiyyatına vurduğu ağır zərbələrin fəsadları hələ də ardan qaldırılmayıb. Bunlar, eyni zamanda, ictimai münasibətlər və sabitliyin təmin olunmasında çətinliklər ortaya çıxarır. Digər tərəfdən, qlobal terror dalğasının genişlənməsi və artıq bu təhlükənin hamımızı ciddi şəkildə narahat etməsi kifayət qədər düşündürücüdür. Ötən il ərzində Avropanın bir sıra şəhərlərində baş vermiş qanlı terror olayları da bir daha sübut etdi ki, heç kəs belə təhdidlərdən sığortalanmayıb.

Komitə sədri qeyd edib ki, miqrantların sayının durmadan artması da ciddi sosial problemlərlə müşayiət olunur. Terrorun və onun səbəb olduğu miqrasiyanın artması nə qədər yerli sosial-iqtisadi, siyasi səbəblərlə izah olunmağa çalışılsa da, aysberqin görünməyən tərəfində daha böyük siyasi və ideoloji əsasların durduğunu hamımız yaxşı dərk edirik. Biz bu hadisələrə münasibətdə təəssüf ki, yalnız nəticələr üzərində düşünür, səbəblərini görməyə çalışmırıq. Bizi narahat edən digər bir məqam bu gün bəzi dairələrin məqsədli şəkildə İslam dinini terrorla yanaşı tutmalarıdır. Əlbəttə, heç bir din terroru dəstəkləyə bilməz. Müqəddəs dinlər insanlara sülh və barışı, xoş münasibəti təlqin edir və bu gün heç bir dinlə əlaqəsi olmayan terroru şiddətlə qınayır.

Bu gün belə problemlərin həllinin birinci yolu əməkdaşlıqdır. Dinlər, mədəniyyətlər arasında anlaşma, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi bəlkə də tarixdə heç vaxt bugünkü qədər vacib və əhəmiyyətli olmayıb.

Azərbaycan müsəlmanların mütləq çoxluq təşkil etdiyi suveren ölkədir. Bununla belə, Azərbaycanda bütün dinlər, müxtəlif xalqlar qanun qarşısında bərabərdir və eyni hüquqlara malikdir. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Respublikada dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə olunub.

Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsə eyni hüquqları təmin edir. Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir.

Azərbaycan, eyni zamanda, İslam dəyərlərinin də qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində ardıcıl tədbirlər görür. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu il çərçivəsində görüləcək tədbirlər dünyada İslamı terror dini kimi təqdim etməyə çalışan məqsədli qüvvələrə qarşı da əsaslı cavab olacaq, İslamın əsl mahiyyəti üzrə sülh və barış dini təqdimatına töhfə verəcək. Şübhəsiz ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə də töhfəsini verəcək. Bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Buna paralel olaraq, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək.

Deputat deyib ki, Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edib. Bu il isə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Bu, yalnız idman hadisəsi deyil. Bakı şəhəri 2 ildə həm Avropanın, həm də İslam dünyasının ən böyük idman tədbirini təşkil etməklə xoş məramını göstərir. Bu, Azərbaycan xalqının tarixi dəyərlərinin, bugünkü reallıqlarının diktə etdiyi həqiqətdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovuşduğu, fərqli dünyagörüşlərinin uzlaşdığı, müxtəlif millətlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkədir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.