SİYASƏT
AŞPA toplantısında Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışılıb
Strasburq, 21 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində milli nümayəndə heyətləri katiblərinin növbəti toplantısında Azərbaycanın qlobal və qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs edilib.
Toplantıda ölkəmizi AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin katibi İlqar Məcidli təmsil edib. Əvvəlcə yaz sessiyasının gündəliyinə edilən son dəyişikliklər müzakirə olunub. Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyin Bosniya və Herseqovinaya keçməsi ilə əlaqədar bu ölkənin təmsilçisi görülən hazırlıq işləri barədə məlumat verib.
Çıxış edən İ.Məcidli Azərbaycanın qlobal və qitə miqyaslı bir çox vacib beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayaraq ilk Avropa Oyunlarının da bu xüsusda istisna olmayacağına əminliyini bildirib. O, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin məsuliyyətli və eyni zamanda, şərəfli bir missiya olduğunu diqqətə çatdırıb, ölkəmizin bu tarixi sınaqdan uğurla çıxması ilə bağlı təcrübəsini bosniyalı həmkarla bölüşməyə hazır olduğunu bildirib.
Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq