SİYASƏT
AŞPA yay sessiyası işinə başlayıb
Strasburq, 26 iyun, AZƏRTAC
İyunun 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat yay sessiyasında iştirak edir.
Sessiya müddətində Büronun və daimi komitənin inkişaf məruzəsi, Moldovanın Baş nazirinin və Avropa Şurası baş katibi Torbyon Yaqlandın, Monteneqronun Baş nazirinin çıxışları dinləniləcək.
AŞPA-nın hesabatlılıq prinsipinin tanınması və həyata keçirilməsi ilə bağlı debatlar keçiriləcək.
Çexiya Respublikasının xarici işlər naziri ilə fikir mübadiləsi aparılacaq, Belorusiyada vəziyyətlə bağlı debat keçiriləcək. Avropada miqrasiya və qaçqın böhranı ilə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Cari müzakirələr çərçivəsində Türkiyənin təklif etdiyi “Avropada terrorizmə qarşı birgə mübarizə” mövzusunda müzakirələrin keçirilməsi gözlənilir.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq