REGİONLAR
ASTARADA 2007-Cİ İLİN BİRİNCİ YARISINDA GÖRÜLƏN İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 21-də Astara Rayon İcra Hakimiyyəti başçısı yanında geniş şura iclasında 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdikləri yığıncaqda Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
Ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatların Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlərin qazanıldığını və əhalinin yaşayış səviyyəsinin xeyli yüksəldiyini vurğulayan natiq, avqustun 1-də Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrdən danışmışdır.
Sosial-iqtisadi inkişafın Astara rayonunda da artan templə davam etdiyini bildirən məruzəçi, 2007-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalının 53 faiz, kənd təsərrüfatı məhsulu istehsalının 14,5 faiz, rabitə xidmətinin 42,9 faiz, pullu xidmətlərin 8,4 faiz artığını diqqətə çatdırmışdır. Bu dövrdə rayonda 348 yeni iş yeri açılmış, 138 nəfər işaxtaran vətəndaş mövsümi işlərə cəlb edilmişdir.
Qeyd olunmuşdur ki, bu ilin 6 ayı ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Astara rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində də müəyyən işlər görülmüşdür.
Rayonun Telman kəndində süd məhsulları emalı müəssisəsinin, Qarabağ döyüşlərində şəhid olanların xatirə-kompleksinin, 77 saylı Astara dairə seçki komissiyasının inzibati binasının, Bala Şahağac, Artupa və Suparibağ kəndlərində müasir tipli feldşer-mama məntəqələrinin, 2 nömrəli Ərçivan kənd orta məktəbi üçün 320 şagird yeri olan məktəb binasının tikintisi başa çatdırılmış, dağlıq ərazidə yerləşən 14 kənddə peyk rabitəsi ilə işləyən telefonlar istismara, Siyaku kəndində çınqıl-şeben zavodu və Maşxan kəndində kərpic zavodu istifadəyə verilmiş, 10,8 kilometr yola asfalt döşənmiş, Heydər Əliyev muzeyinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün inzibati binanın, Motalayataq kəndində felşer-mama məntəqəsinin, şəhid ailələri və Qarabağ əlilləri üçün 32 mənzilli yaşayış binasının, Şiyəkəran kəndində 480 şagird yeri olan yeni məktəbin, Hamoşam kəndində 14 sinif otaqlı 2 tədris korpusunun tikintisində son tamamlama işləri görülür.
İclasda çıxış edənlər 2007-ci ilin birinci yarısında əldə edilmiş nailiyyətlərlə yanaşı, yol verilən nöqsanları da ətraflı təhil etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov iştirak etmişdir.