İQTİSADİYYAT
“AS Group İnvestment” alman biznesi ilə əlaqələri möhkəmləndirir
Bakı, 17 aprel, Ramiz Quliyev, AZƏRTAC
“AS Group İnvestment” şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvü seçilib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, üzvlüyü təsdiq edən müvafiq sənəd qurumun İdarə Heyətinin sədri Samir Axundov və icraçi directoru Florian Şröder tərəfindən imzalanıb.
Bildirilib ki, “AS Group İnvestment” şirkətinin “AHK Azərbaycan”-a üzv seçilməsi alman şirkətləri ilə məhsuldar və davamlı əməkdaşlığın məntiqi davamıdır. 2003-cü ildən tikinti sektorunda fəaliyyət göstərən, regionun aparıcı developerlərindən olan – “AS Group İnvestment” “Mercedes-Benz”, “LIEBHERR”, “LOGIC Logistic Engineering”, “Gajowski” kimi məşhur alman şirkətləri ilə müxtəlif layihələr çərçivəsində geniş əməkdaşlıq edir.
“AS Group Investment”-in baş mülkiyyətçisi Şahin Mövsümov vurğulayıb ki, “AHK Azərbaycan”-da üzvlük, şirkətin Azərbaycanda və ölkə hüdudlarından kənarda gerçəkləşdirdiyi iri layihələrə böyük maraq göstərən alman tərəfdaşları ilə gələcək məhsuldar əməkdaşlığın genişlənməsinə yardım edəcək.
Alman iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən və dünyanın 90 ölkəsində fəaliyyət göstərən Alman Xarici Ticarət Palatası alman və xarici müəssisələrə öz xidmətlərini təklif edir. Hazırda Alman - Azərbaycan Xarici Ticarət Palatasının 130-dan çox alman və Azərbaycan üzv təşkilatları var.