İQTİSADİYYAT
“AS Group İnvestment” şirkəti Rusiyada xüsusi iqtisadi zonanın inkişafına investisiya yatıracaq
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanın “AS Group İnvestment” şirkəti Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən “Titanovaya Dolina” xüsusi iqtisadi zonasının rezidenti oldu. “AS Group İnvestment”ə daxil olan “AS Prom” şirkəti həmin iqtisadi zonada qənaətcil texnologiyaların istifadəsi ilə yüksək texnologiyalı tikinti materiallarının istehsalı layihəsini həyata keçirəcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, istehsal prosesi beton qarışıqlarının formalaşması üzərində qurulan İspaniya texnologiyasına əsaslanır. Müəssisənin istehsal gücü saatda 1,8 min divar bloku təşkil edəcək.
Layihəyə 200 milyon rus rublu həcmində investisiyanın qoyulması planlaşdırılır. Azərbaycan şirkətinin strateji planı öz seqmentində regional bazarın 5-6 faizinə sahib olmaqdır.
Xüsusi iqtisadi zonaların fəaliyyəti 49 illik bir müddəti əhatə edəcək. Hər bir xüsusi iqtisadi zonaya Rusiya hökuməti vergi güzəştləri və gömrük üstünlükləri, həmçinin mühəndis, nəqliyyat və işgüzar infrastruktura çıxış əldə etmək imkanı yaradan xüsusi hüquqi status verir. Xüsusi iqtisadi zonada layihələrin reallaşdırılması zamanı investorların xərci orta Rusiya göstəricilərindən 30 faiz aşağıdır.
Bu, “AS Group İnvestment”in Rusiyada reallaşdırdığı ilk layihə deyil. Belə ki, “AS Group İnvestment” tərəfindən 2013-cü ildə yaradılan “AS Stroy” Rusiyanın Nijni Tagil şəhərində Aleksandrovski yaşayış kompleksinin tikintisi üzrə cari planlaşdırma işlərini həyata keçirir.