SİYASƏT
ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ ONUN TƏMSİL ETDİYİ TƏŞKİLATIN GUYA REFERENDUMUN NƏTİCƏLƏRİNİ TANIMADIĞI BARƏDƏ MƏTBUATDA GEDƏN YAZILARI TƏKZİB EDİR
ATƏT-in Bakı ofisinin rəhbəri Peter Burhard “Space” televiziyasına verdiyi məxsusi müsahibəsində bildirmişdir ki, ATƏT-in müşahidəçiləri referendumun gedişini izləməyiblər. Buna görə də ATƏT referendumla bağlı heç bir münasibət bildirməyəcəkdir.
Cənab Burhard demişdir ki, ATƏT-in Bakı ofisi referenduma hazırlıq mərhələsində iştirak etmişdir. Buna görə də referendumdan sonra jurnalistlər bizə müraciət edərək, ümumxalq səsverməsi ilə bağlı fikrimizi soruşurdular. Biz hər jurnalistə ayrı-ayrılıqda məlumat verməməkdən ötrü mətbuat üçün məlumat yaymağı qərara aldıq. Həmin məlumatda ATƏT-in Bakı ofisinin müxtəlif mənbələrdən aldığı informasiyaya əsasən gəldiyi rəy əks olunmuşdur. Referendumda ATƏT-in müşahidəçiləri iştirak etmədiyinə görə, səsvermə zamanı qanun pozuntularının olub-olmaması barədə bizdə heç bir fakt yoxdur. Buna görə də ATƏT referenduma rəsmi qiymət verməyəcəkdir. Bizim yaydığımız mətbuat məlumatında aydın göstərilmişdir ki, orada əks olunmuş fikirlər ATƏT-in rəsmi mövqeyi deyildir.