SİYASƏT
ATƏT-İN MÜŞAHİDƏÇİLƏRİ ERMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİNDƏ CİDDİ POZUNTULAR OLDUĞUNU ELAN ETMİŞLƏR
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin rəhbəri lord Rassel Conston Yerevanda mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və AŞPA-nın 200 müşahidəçisi adından bəyan etmişdir ki, fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkiləri yaxşı təşkil edilsə də, ciddi pozuntularla müşaiyət olunmuş və ən başlıca nöqsanlar səslərin hesablanması zamanı üzə çıxmışdır. O demişdir: “Etiraf etmək lazımdır ki, seçkilərin gedişi bütövlükdə qaneedici olmuşdur, lakin buraxılmış ciddi səhvlər onların nəticələrini müsbət qiymətləndirməyimizə imkan vermir”.
ATƏT-in AZƏRTAC-a daxil olmuş mətbuat məlumatına görə, ATƏT-in seçkilərin gedişini müşahidə edən uzunmüddətli missiyasının rəhbəri Piter Eyçer demişdir ki, prezident seçkiləri gedişində buraxılmış nöqsanlar araşdırılmalıdır ki, parlament seçkilərində bunlar təkrar olunmasın.
Mətbuat məlumatında deyilir ki, ən kobud pozuntular seçki qutularına saxta bülletenlər doldurulması və seçicilərin prezidentliyə namizədlərin nümayəndələri tərəfindən qorxudulması olmuşdur. Beynəlxalq müşahidəçilər bir sıra seçki məntəqələrində bülletenlər hesablanarkən ciddi pozuntular aşkar etmişlər.
Mətbuat məlumatında daha sonra bildirilir ki, “Ermənistanda uzun çəkən seçki prosesi çoxsaylı səhvlərlə korlanmışdır: insanlar qorxudulmuş, namizədlərin seçki kampaniyalarını pozmaq cəhdi olmuşdur. İctimai televiziya da əhalinin ölçülüb-biçilmiş və qərəzsiz informasiya ilə təmin edilməsi vəzifəsinin öhdəsindən gələ bilməmişdir.