SİYASƏT


ATƏT PA-nın komitə iclasında azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb

A+ A

Tbilisi, 2 iyul, AZƏRTAC

ATƏT Parlament Assambleyasının 25-ci sessiyası çərçivəsində iyulun 2-də təşkilatın demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib.

İclasda Serbiyadan olan məruzəçi Qordan Komiç çıxış edərək ATƏT regionunda insan hüquqlarının vəziyyəti, miqrasiya problemlərindən danışıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova məruzə ətrafında müzakirələrdə çıxış edərək Ermənistandan qovulmuş, torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların problemləri barədə ətraflı məlumat verib. O, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Bildirib ki, ATƏT və digər beynəlxalq təşkilatlar da miqrantların, qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olur. Amma təəssüf ki, bu problemlərin həlli ilə bağlı təşkilatların operativ iş mexanizmi yoxdur.

Nümayəndə heyətimizin üzvü Kamran Nəbizadə çıxışında deyib ki, bu gün Azərbaycan hökuməti təkbaşına bir milyondan çox qaçqın və məcburi köçkünün problemini həll edir. Avropada, Türkiyədə minlərlə miqrant var. Bu problemlərin həlli üçün vahid mərkəz yaradılmalıdır. Mərkəz həmin problemləri doğuran səbəbləri öyrənməli və həlli yollarını tapmalıdır.

Deputat Azərbaycanda multikulturalizm və dini dözümlülüklə bağlı keçirilən tədbirlərdən də bəhs edib. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu il Bakıda dinlərarası beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. O, ATƏT PA-nın üzvlərini bu tədbirdə fəal iştiraka dəvət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.