SİYASƏT


ATƏT PA-nın komitə iclasında köhnə atom elektrik stansiyalarının bağlanması təklif edilib

A+ A

Tbilisi, 3 iyul, AZƏRTAC

İyulun 3-də Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci sessiyası çərçivəsində qurumun İqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitəsinin iclası keçirilib.

İclasda ATƏT regionunda iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və texnoloji proseslər, ətraf mühitin mühafizəsi, transsərhəd su hövzələrindən istifadə, həmçinin Çernobıl hadisəsi ilə bağlı məsələlər müzakirə olunub.

Komitə üzvləri komitənin yekun sənədinin layihəsini müzakirə ediblər.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edib, yekun sənədə Azərbaycanın maraqlarına cavab verən əlavələrin edilməsinə nail olublar.

Bu barədə jurnalistlərə məlumat verən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadə deyib: “Biz köhnə avadanlıqla təchiz olunmuş və yüksək seysmik aktivliyi olan zonalarda yerləşən atom elektrik stansiyaların potensial təhlükə və fəlakət yaradacağını və onların istismarının dayandırılmasını təklif etdik. Qeyd etdim ki, bu stansiyaların istismar müddəti başa çatıb və onların fəaliyyəti gələcəkdə radiasiya qəzalarına və nüvə fəlakətinə səbəb ola bilər”.

K.Nəbizadə, həmçinin belə stansiyaların istismarının dayandırılması ilə bağlı əsas sənədə əlavənin olunmasını təklif edib.

Almaniyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Doris Barnet də Azərbaycanın mövqeyini dəstəkləyib.

Ermənistan nümayəndəsi Azərbaycan tərəfinin təklifinə qarşı çıxış edərək tədbir iştirakçılarını bu düzəlişin əleyhinə səs verməyə çağırıb. Amma buna baxmayaraq, komitənin üzvləri yekdilliklə Azərbaycan tərəfinin düzəlişinə səs veriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.