SİYASƏT


ATƏT PA-nın sessiyasında yalan məlumatlar çatdırmağa cəhd edən erməni deputat susdurulub

A+ A

Tbilisi, 5 iyul, AZƏRTAC

ATƏT Parlament Assambleyasının 25-ci sessiyasının son iclasında Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin daha bir yalanının qarşısını alıb. Ermənistan nümayəndəsi çıxış edərək yenə də deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çatdırmağa çalışıb.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov söz alaraq erməni deputata tutarlı cavab verib. O, erməni həmkarının çıxışının tam yalan və əsassız olduğunu diqqətə çatdırıb: “Etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT PA kimi nüfuzlu beynəlxalq təşkilatın tribunasından meydan kimi istifadə etməsi, yalan bəyanatlar səsləndirməsi bizdə təəssüf hissi doğurur”.

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini Ermənistan prezidentinin də etiraf etdiyini xatırladan Milli Məclisin deputatı deyib: “Bir dövlətin başçısı əsrin faciəsi olan Xocalı soyqırımını törətdiklərini etiraf edirsə, o ölkənin deputatı da burada təəssüf ki, ancaq belə absurd məlumatlar səsləndirəcək”.

Deputat bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qondarma “Dağlıq Qarabağ respublikası”nın tərəf kimi tanınması da qeyri-mümkündür. Bu münaqişə Ermənistan ilə Azərbaycan arasındadır və qondarma “respublika”nın danışıqlarda tərəf kimi iştirakı mümkün deyil.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.