SİYASƏT


ATƏT PA-nın vitse-prezidenti: Nüvə qəzaları milli sərhədlərlə məhdudlaşmır

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfrans keçirilir.

Prezident Nursultan Nazarbayevin də qatıldığı tədbirdə 51 ölkə və 20 beynəlxalq təşkilatdan 1000 nəfər iştirak edir.

Avqustun 29-da konfransın plenar iclasında çıxış edən ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub. O deyib ki, ATƏT PA dünyada nüvə silahı təhlükəsizliyinin təmin olunmasında, bu konfransın mühüm rolunu tam dəstəkləyir.

Azay Quliyev yaxın keçmişə nəzər salaraq 1991-ci il avqustun 29-nu - nüvə silahının sınağı üçün nəzərdə tutulan poliqonun bağlanmasını və dünyanın dördüncü ən böyük silah arsenalından könüllü olaraq imtina edən Qazaxıstan təcrübəsini xatırladıb.

ATƏT PA-nın vitse–prezidenti deyib: “Nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılması, beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olaraq qalmaqdadır. Hazırda vacib olan və Astanada təşkil edilən bu konfransın məqsədi həmin təhdidlərin aradan qaldırılması üçün görülə biləcək əlavə tədbirlərə dair müzakirələrin aparılması və birgə məqsədimiz olan beynəlxalq dəstəyin, o cümlədən parlamentlər səviyyəsində səfərbər edilməsidir. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 1540 (2004) saylı qətnaməsinin tam icrası, nüvə, kimyəvi və bioloji silah və onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınması və onlar üzərində müvafiq daxili nəzarətin təmin edilməsi beynəlxalq ictimaiyyətin əsas vəzifəsidir.

Dünyanın bəzi yerlərində, xüsusilə Yaxın Şərqdə kütləvi qırğın silahının və ona aid materialların istifadə edilməsi, yayılması riski hələ də yüksəkdir. Sərhədlər arasında, o cümlədən ATƏT ölkələri məkanında nüvə materiallarının qanunsuz dövriyyəsi və ya oğurlanması narahatlıq doğurur. Suriyada son zamanlar kimyəvi silahın istifadəsi halları və nüvə materiallarının qaçaqmalçılıq cəhdləri fonunda bütün mülki obyektlərin və nüvə materiallarının, beynəlxalq, regional və milli səviyyədə təhlükəsizliyin təmin edilməsində tətbiq edilən standartların qorunub saxlanılması üçün əlavə tədbirlərin görülməsi vacibdir.

Azay Quliyev bu xüsusda nüvə, kimyəvi və bioloji silahın, materialların və onların çatdırılma vasitələrinin qeyri-dövlət aktorları, o cümlədən terrorçu, ekstremist və separatçı qruplar tərəfindən əldə edilməsinin, hazırlanmasının, istifadə edilməsinın, daşınmasının və ötürülməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Qeyd edib ki, nüvə silahının yayılmaması haqqında müqaviləyə bütün dünya ölkələrinin qoşulması prioritet məsələdir. Nüvə qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə milli səviyyədə müvafiq təhlükəsizlik tələblərinin hərtərəfli təminatı vacibdir. Mümkün nüvə qəzasının coğrafi xüsusiyyətləri və transmilli ekoloji təsirləri nəzərə alınmalıdır. Belə ki, xüsusən seysmik zonada yerləşən və köhnəlmiş nüvə reaktorları işlədən dövlətlər öz enerji təhlükəsizliyindən əlavə regional təhlükəsizlik barədə də düşünməlidirlər. Bu xüsusda, silahlara nəzarət, sərhədlərin mühafizəsi və terrorçuluqla mübarizə sahəsində ATƏT-in əldə etdiyi böyük təcrübə qeyd olunan çağırışlara səmərəli tətbiq edilə bilər.

Astanada keçirilən beynəlxalq konfrans son illər nüvə silahının qadağan olunması, regional əməkdaşlıq baxımından ən böyük miqyaslı tədbirlərdəndir. Konfrans işini avqustun 31-də yekunlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.