SİYASƏT
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatı VİDEO
Kiyev, 5 dekabr (AZƏRTAC). ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri Tyerri Repentin, ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Viktoriya Nuland), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Nazirlər Şurasının Kiyevdə iclasının keçirilməsi ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin artıq əldə olunmuş razılaşmalar əsasında sülh yolu ilə ədalətli həllinə yönəlmiş birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər.
Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyədə dialoqun bu yaxınlarda bərpa edilməsini alqışlamış və ümidvar olduqlarını bildirmişlər ki, qarşıdakı görüşlər sülh prosesinin irəliləməsinə kömək edəcəkdir. Onlar tərəfləri regionda gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə çağırmışlar.
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri yüksək səviyyədə növbəti danışıqlara hazırlıq məqsədi ilə Minsk qrupunun həmsədrlərinin himayəsi ilə 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəlmişlər. Nazirlər bildirmişlər ki, regionun əhalisi çox uzun sürən bu münaqişənin həllində tərəqqi əldə olunacağını gözləyir və o, buna layiqdir. Nazirlər həmsədr ölkələrin vasitəçilik səylərini yüksək qiymətləndirmişlər.