SİYASƏT
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Vyana görüşünün yekunlarına dair bəyanat yayıblar
Vyana, 17 may, AZƏRTAC
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunlarına dair birgə bəyanat yayıblar.
Bəyanatda münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü vurğulanıb. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırıblar.
Bəyanatda qeyd edilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.
Bəyanatda, həmçinin itkin düşmüş şəxslər haqqında məlumatların Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması qeyd edilib. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana