SİYASƏT
ATƏT-in ali komissarı Gürcüstan parlamentində milli azlıqları təmsil edən deputatlarla görüşüb
Tbilisi, 13 iyul, AZƏRTAC
Gürcüstanda səfərdə olan ATƏT-in Milli Azlıqların Məsələləri üzrə ali komissarı Henrik Villadsen Gürcüstan parlamentində milli azlıqları təmsil edən deputatlarla görüşüb.
Azərbaycanlı deputatlardan Mahir Dərziyev, Azər Süleymanov və Ruslan Hacıyevin iştirak etdiyi görüşdə Gürcüstanda yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası, təhsil, din, mədəniyyət azadlıqları və sair məsələlər müzakirə olunub.
Mahir Dərziyev görüşdə deyib ki, sıralarında təmsil olunduğu “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyası hakimiyyətə gəldikdən sonra ölkədə milli azlıqların problemləri istiqamətində mühüm işlər görülüb. Gürcüstanda yaşayan azərbaycanlılar, ruslar, ermənilər və digər millətlərin nümayəndələri üçün bütün normal şərait yaradılıb. Milli azlıqların hüquqları Konstitusiya ilə yüksək səviyyədə qorunur. Onların təhsil problemləri artıq öz həllini tapıb, bu gün milli azlıqların nümayəndələri öz ana dillərində də dərs keçirlər. Hakimiyyət mövcud olan bəzi problemlərin həlli istiqamətində layihələr hazırlayıb və bu layihələr icra olunur.
Deputat M.Dərziyev Gürcüstanda multikulturalizmin tarixindən danışıb, milli azlıqlar, icmalar və dini konfessiyalar arasında dialoqun inkişaf etdiyini bildirib.
Henrik Villadsen Gürcüstana ilk dəfə səfər etdiyini vurğulayıb və deyib ki, komissarlıq 157 ölkədə fəaliyyət göstərir, əsas məqsəd milli azlıqların hüquqlarının qorunmasına nail olmaq və onlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Komissar müşahidələri zamanı Gürcüstanda milli azlıqlar arasında heç bir diskriminasiyanın olmadığından məmnunluğunu ifadə edib və mövcud şəraiti yüksək qiymətləndirib.
M.Dərziyev AZƏRTAC-a müsahibəsində deyib ki, görüşdə bəzi problemlərə də toxunulub: “Görüş çox məhsuldar keçdi. Biz çox mühüm məsələləri müzakirə etdik. Milli azlıqların yerli özünüidarəetmə orqanlarında daha çox təmsil olunmalarının, məscid və digər dini ibadət ocaqlarının tikintisi üçün icazələrin verilməsi qaydalarının sadələşdirilməsi, bilingival (iki dilli) təhsilin inkişafı və sair məsələlərin də həllinin vacibliyi görüşdə xüsusi qeyd olundu”.
M.Dərziyev qeyd edib ki, Henrik Villadsen bilingival təhsilin inkişafına kömək göstərəcəklərini, Ali Komissarlığın bu sahə ilə əlaqədar olan layihələri maliyyələşdirəcəyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi